“Bakı” Rumıniya klubu ilə də görüşəcək
“Bakı”nın təlim-məşq toplanışında olduğu Antalyada daha bir rəqibi müəyyənləşib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-göylər” yanvarın 26-da "Panduri" (Rumıniya) ilə oynayacaqlar.
Ancaq bu, 2-ci toplanışda ilk matç olacaq. Belə ki, “zolaqlılar” yanvarın 20-dək davam edəcək indiki hazırlıq mərhələsində 2 oyun keçirəcəklər. Bunlar yanvarın 14-də “AZ Alkmaar”la, 19-da Almaniyanın I liqa təmsilçisi “İnqolştadt”la matçlardır. Bundan sonra Vətənə qayıdacaq “Bakı” 23-də yenidən Antalyaya üz tutacaq.

Ötən mövsümü 13-cü yerdə başa vuran “Panduri”də baş məşqçi Petre Qriqoraşın rəhbərliyi altında yerli futbolçularla yanaşı, Fil Dişi Sahili, Braziliya və Portuqaliyadan olan legionerlər yer alıb. "Panduri" Rumıniya çempionatının ilk dövrəsindən sonra 30 xalla 5-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 18 oyunun 8-də qalib gələrək, 6 matçı heç-heçə başa vurub.

İkiqat Azərbaycan çempionunun Antalyadakı hazırlıq mərhələsində 1 oyununda rəqibi dəqiqləşməmiş qalıb. Bu, yanvarın 29-da kiminlə görüşəcəyidir. Həmin mərhələdə 4 sınaq matçına çıxacaq “Bakı” fevralın 1-də Belarusun “Dinamo” (Minsk), 4-də Slovakiyanın “Koşitse” klubu ilə görüşlərlə qış hazırlığını başa vuracaq.

Xəbər 1031 dəfə oxundu.