İsmayılov Eldar Xankişi oğlu
Eldar İsmayılov Xankişi oğlu 1948-ci ildə Ağdam rayonunda ziyalı ailəsində dünyaya göz açıb.

Orta məktəb illərində istedadı və bacarığı ilə diqqəti cəlb edən E.İsmayılov rəsm və fotolar çəkməkdə, divar qəzeti buraxılışı işində yüksək qabiliyyəti ilə seçilib. «Kommunist», «Azərbaycan gəncləri», «Sovet kəndi», «Bakinski Raboçi», habelə Moskvada nəşr edilən «Selskaya jizn», «Sovetskaya kultura», «Komsomolskaya pravda» qəzetlərində, həmçinin bir sıra rayon qəzetlərində Eldar İsmayılovun imzası görünməyə başlamışdı.

O, rayon qəzetinə məqalələr yazıb, idman, musiqi və poeziya ilə məşğul olub, texniki yaradıcılığa və bədii tərtibat məsələlərinə həvəs göstərib. Ağdam rayonunun istedadlı yeniyetmələrindən biri kimi tanınan E.İsmayılov qısa zamanda rayonun ictimai-mədəni həyatında fəal iştirak edən ziyalılardan birinə çevrilib. Bir müddət teleradionun Qarabağ bölgəsi üzrə müxbiri kimi fəaliyyət göstərən E.İsmayılov müharibə dövründə dəfələrlə qaynar nöqtələrdə olub, öz vəzifəsini uğurla yerinə yetirib. 1993-cü ildən məcburi köçkün həyatı yaşayan jurnalist qələmini yerə qoymayaraq, erməni təcavüzünün ağır nəticələrini göstərmək üçün mübarizəsini davam etdirir. Onun təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası yaradılıb, ölkəmizdə bir sıra beynəlxalq tədbir təşkil olunub.

O, Milli Olimpiya Komitəsi və Dünya İdman Jurnalistləri Birliyinin (AİPS) üzvüdür.


Xəbər 2983 dəfə oxundu.