“Dmitri Kramarenkonun keçidi həll olunub”

“Dmitri Kramarenkonun komandamıza keçidi demək olar həllini tapıb. Sadəcə, bəzi detallar var ki, onu bu gün razılaşdıracağıq”. Bu açıqlamanı apasport.az saytına “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib. Xorvatiyalı Adnan Hodziçlə yollarını ayırandan sonra yeni qapıçı axtaran Zaqatala təmsilçisi, “İnter”in təcrübəli qapıçısı Dmitri Kramarenkonu seçib. Amma Əliyev 38 yaşlı qapıçının icarəyə götürmək fikrində olmadıqlarını bildirib: “Biz klubla müqaviləni həll edib, Kramarenkonu birdəfəlik alacağıq. Onunla 1 illik müqavilə bağlayacağıq”.
İcraçı-direktor komandadan daha gedən futbolçuların olmayacağını bildirərək, müdafiəçi Aleksandr Şemonayevin sonuncu olduğunu deyib. Əliyev yeni transferlərlə bağlı işlərin davam etdiyini bildirib: “Ancaq həll olunmadığından, hələ ad açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, 2-3 legioner, bir o qədər də yerli futbolçu alacağıq. Azərbaycanlı oyunçulardan hələ gənc, həm də təcrübəli futbolçuları transfer etmək istərdik”.

Xəbər 976 dəfə oxundu.