Güləşçilərimiz Dostluq görüşü öncəsi Parisdə məşq ediblər
4 dekabr 2014-cü il tarixdə Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçiriləcək. Dostluq görüşü cari ilin may ayında Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının Prezidenti Alain Bertolomla Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb.

Dostluq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi Dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq. Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı Dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Artıq Parisdə olan yığma komandamız Fransa güləş komandalarının təlim-məşq bazasında hazırlıqlarını davam etdiriblər. Yığma komandalarımızın üzvləri əvvəlcə yüngül isinmə hərəkətləri edib, daha sonra məşqçilərin tapşırığı ilə taktiki hazırlıqla məşqi davam etdiriblər. Qonaq qismində Dostluq görüşünə qatılacaq Olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, Şərif Şərifov və Toğrul Əsgərov da komanda ilə birgə məşqdə iştirak edib.

Xəbər 863 dəfə oxundu.