Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib. Dövlət başçısı 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları və hazırlıq işləri barədə deyib:

- Bu Oyunlar yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı gözləyirik. Ümumiyyətlə, bu, Yay Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Biz daha çox idmançı və idmanın daha çox növünü qəbul edə bilərdik. Lakin müəyyən edildi ki, bu miqdar kifayətdir. Bizim əsas çətinliyimiz ondan ibarət idi ki, hazırlıq üçün vaxt çox az idi – cəmi iki il yarım. Lakin biz vaxtı hədər yerə itirmədik. Yeni idman obyektləri tikilir və əlbəttə, yeni nəqliyyat infrastrukturu yaradılır. Şəhərimiz bu Oyunları gözləyir. Oyunlar yarım ildən sonra keçiriləcək. Bu, böyük Avropa bayramı olacaq. Zənnimcə, Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır. Bu, məhz sizinlə danışdığımız mövzu – multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik qərarlardan biridir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni, iki il ərzində Azərbaycan həm Avropanı, həm də islam dünyasını, arada isə “Formula-1” yarışlarını qəbul edəcək. Yeri gəlmişkən, Soçidə bu yarışlar uğurla keçirildi. Bu münasibətlə də sizi təbrik edirəm. Beləliklə, “Formula” yarışları üçün əvvəlcə Soçi, ondan sonra isə Bakı yeni şəhər olacaq, necə ki, Olimpiada. Buna görə fürsətdən istifadə edib rusiyalıları təkcə Avropa Oyunlarına yox, ümumiyyətlə, Bakıya tez-tez gəlməyə dəvət etmək istərdim.

Xəbər 1211 dəfə oxundu.