Azerbaycan Avstriyada dushergede
Azərbaycan ilk dəfə Avstriyadakı skimountenirinq üzrə gənclər düşərgəsində iştirak edəcək

Azərbaycanda dağ xizək idman növlərinin inkişafı hələ davam etməkdədir, bununla bağlı idmançılarımızın beynəlxalq arenaya çıxmaq üçün attıqları hər bir addım böyük hadisəyə çevrilir. Uşaqlara aid olduğu zaman bu məsələ daha da ciddi olur. Belə mühüm hadisələrdən biri bizim 4 yeniyetməmizin skimountenirinq üzrə gənclər düşərgəsinə dəvət almalarıdır. Dekabrın 4-dən 7-dək onlar, Avstriyanın Tirol Alplarında yerləşən Lients şəhərində keçirilən düşərgədə təlim və məşqlər edəcəklər. Balaca idmançılarımız Uşaq və gənclər üçün Nizami incəsənət mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənc səyyah” dərnəyinin üzvləridir.

Yaxınlarda Beynəlxalq skimountenirinq federasiyasının üzvü olan Azərbaycan alpinizm federasiyası üçün bu ilk bu tipli tədbərdir.

Düşərgə 8-ci ildir ki, təşkil olunur, onun builki iştirakçıları 11 ölkəni təmsil edir. Azərbaycan bunların içində yeganə MDB ölkəsi olacaq.

Gənc idmançılarımızın səfərinin baş tutması üçün maddi yardımı Azərbaycan təhsil nazirliyi göstərib.

“Uşaqlarımız 13-15 yaş arasındadır, buna baxmayaraq, onlar dağ xizək idmanında təzə idmançı deyillər, - deyə dərnəyin məşqçisi Yevgeniya Nəcəfova bildirir. – Son illər biz yetirmələrimiz arasında dağ xizək idmanının təbliği ilə fəal şəkildə məşğul olurduq. İki il dalbadal uşaqlarımız Gürcüstanın Bakuriani rayonunda yerləşən dağ xizək məktəbində uğurla dərs keçib, bu idman üzrə yarışlarda iştirak ediblər.”

Məşqçinin dediklərinə görə, Alplarda düşərgə iştirakçıları təlimaçıların rəhbərliyi altında skimountenirinq əsaslarını öyrənir, dağlara xizəklə qalxıb, aşağı düşmək üçün nəzərdə tutulmuş xüsusi təchizatla tanış olub, öyrəndiklərini yerində nümüyiş edəcəklər.

Skimountenirinq alpinizm və daq xizək idmanının bir növ qarışığı adlandırmaq olar. Burada idmançı dağa qalxıb, aşağı dağ xizəyi vasitəsi ilə düşür.

Evgeniya xanım qeyd etdi ki, Azərbaycan üçün skimountenirinq tamamilə yeni bir idman növüdür.

“Dövlət qayğısı sayəsində Azərbaycanda qış idman növlərinin inkişafı üçün gözəl mərkəzlər var. Hazırda isə uşaqlar üçün hazırlıq imkanının yarnmasına zəruriyyət var. Çünki bu uşaqlar Azərbaycanın müxtəlif qış idman növləri üzrə gələcək idmançılarıdır. Bütün dünyada dağ xizəyi, snoubord, skimountenirinq və s. ildən ilə daha çox həvəskar toplayıb, ölkələrində kütləvi bədən tərbiyyəsinin uğurlu inkişafının göstəricisidir”, - deyə Evgeniya Nəcəfova qeyd etdi.

Xəbər 2424 dəfə oxundu.