Bakı 2015 Yerli Texniki Rəsmi şəxslər üçün təlimə ev sahibliyi etmişdir
Növbəti ilin yayında keçiriləcək İlk Avropa Oyunları ərəfəsində Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində Triatlon idman növü üzrə Yerli Texniki Rəsmi şəxslər üçün təlim keçirilmişdir.

İki gün ərzində ümumilikdə 21 nəfər triatlon idmanının norma və qaydalarının bütün cəhətlərini öyrənmiş və günortadan sonra Tofiq Bəhramov Stadionunda baş tutmuş praktik məşqdə iştirak etmişlər.

Bakı 2015 Avropa Oyunlarında triatlon yarışlarının keçirilməsi üçün ümumilikdə 660 nəfərdən çox Yerli Texniki Rəsmi şəxsin və təxminən 1000 nəfər beynəlxalq Texniki Rəsmi şəxsin iştirakı lazımdır.

Velosiped idmanı, Gimnastika, Taekvondo və Güləş idman növləri üzrə rəsmi şəxslər Yerli Texniki Rəsmi şəxslərlə işləmək üçün bu il Bakı şəhərinə səfər etmiş və geniş praktik seminarlarda iştirak etmişlər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan demişdir: “Bu kurslar bizə Yerli Texniki Rəsmi şəxslərə təlim keçmək imkanı təklif edir və Bakı 2015 Avropa Oyunlarının özündən sonra qoyacağı bəşəri irsin son dərəcə mühüm hissəsini təşkil edir.

Biz İlk Avropa Oyunlarından sonra Azərbaycanın idman sahəsində peşəkarlığın səviyyəsinin artmasını istəyirik və bu, texniki rəsmi şəxslərdən ibarət yeni nəsli maarifləndirmək üçün əla imkandır.

Bakı şəhərinə səfər edəcək rəsmi şəxslər dünyanın ən yaxşıları arasındadır və onların köməyi sayəsində Bakı 2015 Avropa Oyunlarının gələcəkdə keçiriləcək Avropa Oyunları üçün mükəmməllik etalonuna çevriləcəyinə inanırıq.”

Azərbaycan Triatlon Federasiyasının nümayəndələri də Yerli Texniki Rəsmi şəxslər ilə danışmaq və öz idman növləri haqqında daha ətraflı məlumat vermək üçün tədbirdə iştirak etmişlər.

Bir il əvvəl yaradılmasına baxmayaraq, Azərbaycan Triatlon Federasiyası triatlon idmanının da Avropa Oyunlarından sonra qalacaq irsi formalaşdırması baxımından nəzərəçarpacaq irəliləyişlər əldə etmişdir.

Triatlon yarışları Bakı 2015 Avropa Oyunlarının ilk həftəsində keçiriləcək və yarışlarda qalib gələn kişi və qadın idmançılar 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Xəbər 974 dəfə oxundu.