“Qəbələ” və “Şaxtyor” arasında rəsmi protokol imzalandı

“Qəbələ” Ukraynanın “Şaxtyor” klubları arasında əməkdaşlıq haqda rəsmi protokol imzalanıb. İdman.com.az saytının məlumatına görə, tərəflər mövcud əlaqələri dərinləşdirmək və “win-win” münasibəti səviyyəsinə gətirmək məqsədi ilə müəyyən sahələri əhatə edən müqaviləyə imza atıb. Protokola əsasən, klublar arasında akademiya, əsas və əvəzedici heyətlər səviyyəsində və marketinq sahəsində əməkdaşlıq nəzərdə tutulub.
Yerli futbolçuların yetişdirilməsinə önəm verən klubların akademiya səviyyəsində əməkdaşlığına müqavilədə xüsusi diqqət ayrılıb. Müqaviləyə əsasən, “Qəbələ” və “Şaxtyor” akademiya komandalarından biri qarşılıqlı şəkildə əks tərəfin bazasında təlim məşq toplanışı keçirəcək. Sözügedən klublar tərəfindən təşkil ediləcək akademiya səviyyəli turnirlərə hər iki klub öncəlikli olaraq dəvət ediləcək.
Akademiya məşqçiləri qarşılıqlı olaraq bir-birilərinin bazasında olacaq, müəyyən olunmuş müddətdə məşq prosesində iştirak edəcəklər. Bundan əlavə, müxtəlif yaş qruplarından futbolçuların müəyyən müddət üçün mübadiləsi və ya tək tərəfli göndərilməsi nəzərdə tutulub.
Protokol əsas və əvəzedici heyətlər səviyyəsində də əməkdaşlığı özündə əks etdirib. Razılaşmaya əsasən, “Şaxtyor”un heyətinə düşə bilməyən, ancaq “Qəbələ”də oynaya biləcək futbolçular haqqında mütəmadi fikir mübadiləsi aparıla bilər. Komandaların əvəzedici heyətlərinin qarşılıqlı şəkildə bir-birinin bazasında təlim-məşq toplanışı keçməsi də protokolda yer alıb.
Marketinq sahəsini əhatə edən razılaşmada klubların təmsil etdikləri ölkədə digər klubun təbliğatının aparılması və onun tanıdılması barədə müddəalar öz əksini tapıb.
Bundan əlavə, “Qəbələ” “Şaxtyor”un stadion təcrübəsindən də yararlanacaq. Daha öncə tanınmış təbii ot örtüyü mütəxəssisi Filip Şarplesi Qəbələyə dəvət etməklə həm standartlara cavab verən meydançalar salan, həm də yerli mütəxəssislərin yetişməsini təmin edən klub rəhbərliyi bu dəfə Avropanın ən möhtəşəm stadionlarından hesab olunan “Donbass Arena”nın kommersiya məqsədi ilə istifadəsini araşdırmaq və öyrənmək məqsədi ilə “Şaxtyor”la əməkdaşlıq edəcək.



Xəbər 1744 dəfə oxundu.