Azarkeşin üzləşdiyi bilet problemi həll olundu
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə oyunda milli komandamıza dəstək olmaq məqsədi ilə bilet alaraq stadiona gələn Pərvin Quliyev adlı azarkeş texniki səbəblərdən dolayı problemlə üzləşmiş və oyunu ayaqüstə izləməyə məcbur olmuşdu. Pərvin Quliyevin AFFA-nın rəsmi Facebook səhifəsinə müraciətindən sonra bu məsələ araşdırılmış və həqiqətən də texniki qüsurun mövcudluğu məlum olmuşdur. Azarkeşimizin üzləşdiyi problemi, onun milli komandanı hər zaman dəstəklədiyini və mövcud qüsuru nəzərə alaraq, AFFA tərəfindən Pərvin Quliyevə Azərbaycan - Norveç oyunu üçün 2 ədəd bilet və üzərində soyadı qeyd olunmuş milli komandanın forması təqdim edilib.

Xəbər 855 dəfə oxundu.