Azərbaycanlı futbolçu Rusiya millisində qol vurdu
Noyabrın 17-də Rusiyanın və İrlandiyanın gənclərdən ibarət milli komandaları arasında yoxlama oyunu keçirilib.

Bu matçın iştirakçıları arasında əslən azərbaycanlı olan futbolçu da yer alıb. Söhbət Sankt-Peterburqun “Zenit” klubuna məxsus olan 18 yaşlı Ramil Şeydayevdən gedir.

Qeyd edək ki, azərbaycanlı hücumçu 39-cu dəqiqədə meydana daxil olub, 77-ci dəqiqədə isə qol vurmağı bacarıb. Məhz bu qol sayəsində Rusiya millisi məğlubiyyətdən xilas olub – 2:2.

Yeri gəlmişkən, bu, Şeydayevin Rusiya gənclər millisində ilk qolu olub.

Buna qədər isə o, Rusiyanın U-16 və U-17 millilərində fərqlənib (müvafiq olaraq 14 oyuna 6 qol və 9 oyuna 4 qol).

Əlavə edək ki, R.Şeydayev müsahibələrindəndən birində özünün Sankt-Peterburq şəhərində doğulduğunu, atasının isə Azərbaycanın Kürdəmir rayonundan olduğunu, millimizdə oynamağa etiraz etmədiyini bildirib. Bu ilin sentyabr ayında o qeyd edib ki, Azərbaycandan dəvət almayıb, Rusiyada isə onun bir futbolçu kimi xidmətlərində maraqlıdırlar. “Məni dəvət etsələr, Azərbaycan millisində oynayaram. Kim istəməz ki, öz vətənin komandasında çıxış etməsin. Amma mənə belə bir dəvət gəlməyib”.

Xəbər 1069 dəfə oxundu.