Səmti müəyyən edənlərin ölkə çempionatı yekunlaşdı
Nabran qəsəbəsində Səmti Müəyyən Etmə Federasiyası, Xaçmaz rayon icra hakimiyyəti, Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə səmti müəyyən etmə üzrə açıq ölkə çempionatı keçirilib. İdman.com.az saytı xəbər verir ki, yarışa müxtəlif nazirlik, güc strukturları, idarə, təşkilat, ali təhsil müəssisələri, idman klubları, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik missiyalarını təmsil edən 12-dən çox komanda qatılıblar.

Rəqabət 2 kateqoriya – “Elit” (peşəkar idmançılar) və “Open” (yeni başlayanlar) üzrə verilmiş istiqamətdə həm komanda, həm də fərdi hesabda təşkil olunub. İştirakçıların ümumi hesabı 140-a aşmayıb. İdmançılar öz kateqoriyasına müvafiq məsafəni keçərək, idman xəritəsində qeyd olunan nəzarət məntəqələrində elektron çip vasitəsi ilə müəyyən ardıcıllıqla qeyd olunmalı idilər.

İlk gündə elit kateqoriyası üzrə orta məsafədə kişilər arasında Müvəssil Allahverdiyev 7 km məsafədə 14 nəzarət məntəqəsində bütün rəqiblərini geridə qoyaraq, finiş xəttinə 1-ci keçib. “Neftçi” klubunun üzvü Şəhriyar İsmayılov 2-ci yeri tutub. Rəqibindən bir neçə dəqiqə geridə qalan Emin Məmmədov (“Dağçılıq” İdman Klubu) bürünc medal qazanıb. Bu məsafə üzrə (4.9 km, 11 nəzarət məntəqəsi) qadınlar arasında müfafiq olaraq Nataliya Əliyeva (“Neftçi” İK), Abaszadə Rəna (XDMX) və Nataliya Şiyanova (DİK) ilk 3 sırada qərarlaşıblar.

“Open” kateqoriyasında (3.9 km, 9 nəzarət məntəqəsi) kişilər arasında Anton Pupov (“Climb Club”) 1-ci, Aleksey Antonyuk (“Romsat”) 2-ci, Bəhruz Məmmədov (“Rock Stone”) 3-cü olublar. Qadınlarda Süsən Əliyeva (“Rock Stone”) 3.0 km məsafə üzrə 9 nəzarət məntəqəsində qeyd olunaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medala Fidan Məmmədova (“Climb Club”) sahib çıxıb. 3-cü yeri Ukrayna səfirliyi nümayəndəsi Tatyana Fedyukina tutub.

Yarışın 2-ci günündə “Elit” kateqoriyasında kişilər arasında qısa məsafədə (3.9 km, 13 nəzarət məntəqəsi) Şəhriyar İsmayılov (“Neftçi”) hamını qabaqlayıb. Gümüş medalı Ədail Qənbərov (XDMX) yiyələnib. 3-cü yerdə Süleyman Əliyev (“Neftçi” İK) qərarlaşıb. Qadınlarda (məsafə parametrləri: 3.5 km, 10 nəzarət məntəqəsi) Nataliya Əliyeva (“Neftçi”) qızıl medal qazanıb. Olqa Maşkova (DİK) 2-ci, Rəna Abbaszadə (XDMX) 3-cü olub.

“Open” kateqoriyasında kişilərdə Andrey Fedyukin (Ukrayna səfirliyi) fəxri kürsünün ən yüksək zirvəsinə çıxıb. Elvin Əliyev 2-ci, Cavid Əliyev (AzDBTİA) 3-cü yeri tutub. Qadınlar arasında Pərvanə Adnaliyeva (“Rock Stone”) 1-ci, Anna Belousova (“Alp”) və Aygün Əzənmədova müvafiq olaraq 2-ci və 3-cü sırada qərarlaşıblar.

İki günün umumi nəticələrinə əsasən “Neftçi” kuboka sahib olub. Müdafiə Nazirliyinin komandası gümüş, “Alp” klubu bürünc medalları qazanıb.

Xəbər 2310 dəfə oxundu.