Atıcılarımız reytinqdə irəliləyiblər

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2012-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, yanvar ayı üçün müəyyənləşən siyahı stend atıcılarımız üçün uğurlu olub. Belə ki, Hafiz Cəfərovun komandasından olimpiya çempionumuz Zemfira Meftahətdinova və Emin Cəfərov hərəyə 2 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 16 və 39-cu yerlərə yüksəliblər. Lakin skit növündə aparıcı snayperlərimizdən hesab olunan Nurlana Cəfərova komanda yoldaşlarından fərqli, 2 rəqibini özündən irəli buraxaraq, 34-cü pilləyə düşüb.
Güllə atıcılığı üzrə millimizdə yalnız Nigar Bağırova irəliləyib. O, 10 metr məsafəyə atəşaçmada 2 pillə qabağa gedərək, 79-cu yerə qalxıb. Bu məsafədə Olimpiya mükafatçımız və yığmamızın baş məşqçisi İradə Aşumova 60-cıdır. O, yeni siyahıda daha bir rəqibinin irəli keçməsinə mane ola bilməyib.
Bu məsafəni nişan almaqda kişilərin yarışında Azərbaycanı təmsil edən Ruslan Lunyov yerində sayıb. Snayperimiz ötən ay olduğu kimi yenə 54-cüdür.

Xəbər 1441 dəfə oxundu.