Sadıq Sadıqov: Gənc futbolçularımızın istedadı yetərincədir

“Çox sevindirici haldır ki, Araz Abdullayev Yunanıstan Superliqası kimi güclü çempionatda debüt etdi. AFFA-nın prezidenti Rövnəq Abdullayev millimiz və yaş qrupları üzrə yığmalarda çıxış edən futbolçularımız üçün hər cür şərait yaradır. Biz klublar da yerli gənc futbolçularımızın yetişməsi və onların əsas heyətdə oynaması üçün hər bir imkan yaratmalıyıq”. İdman.com.az saytının məlumatına görə, bu fikirlər “Neftçi”nin prezidenti Sadıq Sadıqova məxsusdur. O, İngiltərənin “Everton” klubu ilə müqaviləsi olan “ağ-qaralar”ın yetirməsi Araz Abdullayevin Yunanıstan Superliqasında “Panionios”un heyətində debütünə münasibət bildirib. Sadıqov “Neftçi”nin rəsmi saytına açıqlamasında deyib ki, yerli gənc futbolçularımızın Avropa klublarına keçməsi yaxın zamanda Azərbaycan millisinə önəmli xeyir verəcək: “Amit Quluzadənin “Kayseri Ərciyəsspor”un heyətindəki çıxışı, Araz Abdullayevin Yunanıstan Superliqası kimi güclü bir çempionatda oynaması bir daha göstərir ki, gənc futbolçularımızın istedadı yetərincədir, sadəcə, onlara bu imkanı yaratmaq lazımdır. Mən bundan sonra da gənclərimizin Avropa klublarına keçidi üçün bütün imkanlardan istifadə edəcəyəm”.
Qeyd edək ki, gənc yarımmüdafiəçimiz şərəfini qoruduğu “Panionios” klubunun “Asteras Tripolis” üzərindəki qələbəsində (2:0) pay sahibi olub.

Xəbər 1021 dəfə oxundu.