Çində uğurlu gün
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Bu gün keçirilən 4-cü mərhələdə iştirakçılar 129.7 km məsafə qət ediblər. Velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb - o finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 5-ci olub - 2 saat, 41 dəqiqə, 50 saniyə. Digər təmsilçilərimiz - Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Elçin Əsədov, İsmayıl İlyasov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.

4 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 14-cü, Maksim Averin isə 17-cidir.

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayır - o, liderə cəmi 15 saniyə uduzur. İsmayıl İlyasov 8-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Xəbər 841 dəfə oxundu.