“Azərbaycanda mötəbər idman yarışlarının təşkili bu ölkənin dünyada tutduğu yüksək mövqeyini göstərir”
Bu gün gənclər və idman naziri Azad Rəhimov braziliyalı həmkarı Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Hər iki ölkənin naziri bir sıra mövzular ətrafında müzakirələr apararaq, tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən söz açıblar. Azad Rəhimov Braziliya ilə sıx əməkdaşlığa daim hazır olduğumuzu, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Aldo Rebelo Bakıda olmaqdan məmnunluq hissini dilə gətirib, bu şəhərin qədim ənənələrə malik olduğunu bildirib. Deyib ki, ölkəmiz son zamanlar idman sahəsində də bir çox uğurlar qazanıb: “Mən bilirəm ki, Azərbaycan idman sahəsində çox inkişaf etmiş bir ölkədir. Son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin dünyada idman sahəsində tutduğu yüksək mövqeyini göstərir. Biz idman sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə daim maraqlıyıq. Bildiyiniz kimi, Braziliya 2016-cı ildə Yay Olimpiya oyunları keçirəcək. Azərbaycanın da ilk dəfə Avropa oyunlarına ev sahibliyi etdiyini nəzərə alsaq, demək, bizim maraqlı təcrübə mübadiləmiz ola bilər”.

Braziliyalı nazir, eyni zamanda, gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də diqqətə çatdırıb. Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalanıb.

Xəbər 1330 dəfə oxundu.