SOCAR mövsümə möhtəşəm transferlərlə başladı

Bakının SOCAR şahmat klubu yeni mövsüm üçün ilk transferlərini rəsmiləşdirib. İdman.com.az saytının məlumatına görə, son Avropa çempionatının gümüş mükafatçısı sabiq dünya çempionu Vesilin Topalov (Bolqarıstan) və Qata Kamskinin (ABŞ) keçidini həll edib. Onların hər ikisi bu mövsüm Azərbaycan komandasının şərəfini qoruyacaqlar.
Ukraynalı mütəxəssis Vladimir Tukmakovla da müqaviləni yeniləyən SOCAR Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Emil Sutovskini də heyətdə saxlamağa qərar verib. Lakin paytaxt klubu son 2 qrossmeysterinin kim olacağını hələ açıqlamayıb. Bunun yaxın günlərdə bəlli olacağı gözlənilir.
Qeyd edək ki, 2010-cu ildə yaradılan komanda həmin il keçirilmiş klublararası Avropa çempionatında 4-cü olsa da, bir il sonra 2-ci yeri tutub. Növbəti qitə birinciliyi isə bu ilin payızında olacaq. Cari mövsümdə Bakı klubunun yalnız çempionluğu hədəflədiyi bildirilir.

Xəbər 1143 dəfə oxundu.