"Xəzər Lənkəran"da iki futbolçu qol hesabını açdı
Azərbaycan Premyer Liqasının 8-ci turunun “Bakı” ilə oyunu “Xəzər Lənkəran”da iki futbolçunun qol hesabını açması ilə əlamətdar olub.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə Alfred Sanko və Elnur Cəfərov karyeralarında ilk dəfə “ağ-yaşıllar”ın heyətində qol sevinci yaşayıblar. Bununla da, “Xəzər Lənkəran”da fərqlənən futbolçuların sayı 94-ə yüksəldib. Sanko bu siyahıda 62-ci legioner, Cəfərov isə 32-ci yerli futbolçudur.

E.Cəfərov klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc futbolçu yalnız komandanın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb. Kapitan 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu hadisə kubokun – 2006-cı il noyabrın 20-ndə “Bakılı” (4:0) ilə matçına təsadüf edib. Rahid Premyer Liqadakı ilk qolunu isə cəmi 6 gün sonra – 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub.

E.Cəfərovun vurduğu qol həm də "Xəzər Lənkəran"ın 450-ci çempionat qolu kimi tarixə düşüb. Maraqlıdır ki, ötən il vurulan 400-cü qol da “Bakı” ilə Lənkərandakı matça təsadüf edib.

2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” 450-ci qolunu 309-cu qarşılaşmasında vurub. Bu matçda daha bir dəfə qol sevinci yaşayan komandamız bu rəqəmi 451-ə də çatdırıb.

Bu qollardan 259-u evdə, 191-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda – Gəncədə vurulub.

Xəbər 1020 dəfə oxundu.