Karateçilərimiz 1 gümüşlə “Zalsbur Open”i tərk etdilər
Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa yarışlarından olan “Zalsburq Open”də milli komandamızın üzvləri də iştirak ediblər. Karateçilərimizdən Nuranə Əliyeva (-50 kq) almaniyalı rəqibi ilə final yarışında üstünlük nümayiş etdirsə də, hakim ədalətsizliyi onu qızıl medaldan məhrum edib. 2:3 hesabı ilə rəqibinə məğlub olan idmançımız gümüş medalla kifayətlənməli olub. Nuranə Əliyevanın çıxışı Premyer Liqa yarışlarında qadınlardan ibarət yığmamızın ən yüksək nəticəsi olub. Bəzi karate ustalarımız təsəlliverici yarışlara qatılsalar da, bürünc medal qazanmaq şansını əldən veriblər.

Yığmanın baş məşqçisi Rəhman Hətəmov əsas heyətin bəzi üzvlərinin müəyyən müddətlik istirahətə və zədələrdən bərpa dövrünə ehtiyacı olduğundan Zalsburqdakı nəticənin qənaətbəxş olduğunu qeyd edib. O əsas hədəfin noyabrın 5-dən 9-na qədər Almaniyanın Bremen şəhərində keçiriləcək dünya çempionatına hazırlığın olduğunu bildirib.

Leyla Qurbanova

Xəbər 957 dəfə oxundu.