"Psixoloqa müraciət etmək barədə düşünməliyəm"
Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Şəhriyar Məmmədyarov Sergey Karyakinlə heç-heçə oynayıb. Məmmədyarov partiyadan sonra mətbuat konfransında suallara cavam verib:

"Debütlə özümü təəccübləndirdim. Hətta Andreykin partiyadan sonra maraqlı gedişlərin olduğunu dedi. Amma həmin gedişləri görmədim. Piyadaların gedişi məni çaşdırdı. Pozisiyalar maraqlı idi. Amma vaxt çatrmırdı. Ona görə tez qərar qəbul edirdim. Heç-heçə oyuna uyğun nəticə oldu. Nəzərə alsaq ki, ağların üstünlüyü var idi. Sadəcə onlar istifadə edə bilmədi. 8 turdan sonra turnir cədvəlindəki mövqeyimi düzəltmək üçün şanslarım var. Gərək son 3 turda daha yaxşı oynayım".

Məmmədyarov şahmat mütəxəssisi Gennadi Sosonkonun psixoloqa müraciət etməyi ona məsləhət verməsinə münasibət bildirib: "Sosonkonun mətbuata verdiyi açıqlamanı oxumuşam. Bilirsiniz, mənim üçün də maraqlıdır. Axı 2014-cü ildə keçirilən turnirlərdə yüksək performans göstərmişəm. Amma Şəmkirdə, Bakıda oyunum alınmır. Bu barədə ciddi düşünməliyəm. 2016-cı ildə Bakıda şahmat olimpiadası keçiriləcək. Əgər olimpiadada zəif çıxış etsəm çoxları məyus olacaq.

Rahat oynamaq lazımdır. Xarici ölkələrdə olduğu kimi Bakıda rahat oynaya bilmirəm. Ciddi düşünməliyəm. Psixoloqa müraciət etmək barədə düşünəcəm. Əsas bu problemi həll etməkdir. Azərbaycanda oynayanda ev yaxındır, doğmalarımın dəstəyini hiss edirəm. Bəlkə buna görə istədiyim oyunu göstərə bilmirəm. Əsas odur ki, problemi həll edim. Doğma diyarda reytinqimi itirməyim. Çalışmaq lazımdır. Rahat oynamaq üçün problemi həll etməyə çalışacam".

Xəbər 1001 dəfə oxundu.