"Synergy Baku" "Tour of Almaty"da
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" oktyabrın 5-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək birgünlük "Almatı Turu"nda iştirak edəcək. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.1 kateqoriyalı yürüşündə komandamızın 8 üzvü mübarizə aparacaq ki, bunların da 5-i Azərbaycanın Elit və U-23 yığma komandalarının şərəfini qoruyur.

Yarışda yerli "Astana" komandasının italiyalı velosipedçisi, 2014-cü il "Tour de France" veloyürüşünün qalibi Vinçenzo Nibali də iştirak edəcək və bu "Tour of Almaty"ya olan marağı daha da artırır.

"Synergy Baku"nun baş meneceri David McQuaid komandamızın bu yürüşdə iştirakını yüksək qiymətləndirərək velosipedçilərimizin təcrübə toplaması baxımından "Tour of Almaty"nı olduqca vacib yarış kimi dəyərləndirib.

186 km-dən ibarət birgünlük yarışda komandamız bu heyətlə mübarizə aparacaq: Elçin Əsədov, Ənvər Asanov, Metyu Bremmier, Markus Eybeger, Ismayıl İlyasov, Tural İsgəndərov, Samir Cəbrayılov və Kristof Şvayzer.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.

Xəbər 825 dəfə oxundu.