Elçin Əsədov DÇ-də çıxış etdi
İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə dünya çempionatı davam edir. Planetin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunur.

Bu gün Elit yaş qrupunda çıxış edən velosipedçilər fərdi ötüşmədə (time trial) ən güclüləri müəyyənləşdiriblər. Bu qrupda Azərbaycanı iyunda keçirilən ölkə çempionatının qalibi, "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin Əsədov təmsil edib. O, çempion olmuş Böyük Britaniyalı Bredli Uiqqizdən (56:25.52 dəq.) 9:03.77 dəqiqə geri qalmaqla 59-cu yeri tutub.

Xatırladaq ki, bunadək daha 3 idmançımız fərdi ötüşmədə qüvvəsini sınayıb - U-23 yaş qrupunda çıxış edən Tural İsgəndərov 55-ci, 18 yaşadək velosipedçilər arasında isə Elgün Əlizadə və Kənan Qəhrəmanlı müvafiq olaraq 64-cü və 66-cı olub.

Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.

Xəbər 793 dəfə oxundu.