Atçılıq üzrə “Həmrəylik kuboku” keçiriləcək

Dekabrın 29-dan 31-dək Azərbaycan Respublikası Atçılıq Federasiyası Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində Dünya Azərbaycanlılıarın Həmrəylik Gününə həsr olunmuş atçılığın konkur növü üzrə “Həmrəylik kuboku” adlı beynəlxalq turnir keçirəcək. Yarışlarda Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Türkiyə və Qazaxıstan idmançıları iştirak edəcəklər. Türkiyə və İrandan dəvət olunmuş hakimlər heyətinin nəzarət edəcəyi tədbirin ümumi mükafat fondu 156 000 dollardır. Kiçik və böyük turlardan ibarət olan və 3 gün davam edəcək yarışın sonunda Qran-pri mərhələsi keçiriləcək. Kiçik turlarda maneələrin maksimum hündürlüyü 125 sm, böyük turlarda 145 sm, Qran-pri mərhələsində isə 140-160 sm olacaq.
Qeyd edək ki, yarışların ilk 2 günü saat 12-də, Grand-Prix mərhələsi isə saat 16-da start götürəcək. Yarışların nəticələrinə əsasən, idmançıların topladığı xallar onların London olimpiadasına və həmçinin Dünya Kuboku turnirinə vəsiqə qazanmasına böyük təsir göstərəcək. Yanvarın 1-dən 2012-ci il Martın 1-nə dək olan müddət, Beynəlxalq Atçılıq federasiyası tərəfindən “Lisenziya müddəti” kimi elan edilmişdir. Bu günə olan nəticələrə əsasən Beynəlxalq Atçılıq Federasiyasının reytinq cədvəlində Azərbaycan çaparı Camal Rəhimov “C” qrupunda liderdir.

Xəbər 1459 dəfə oxundu.