Bakı tarixi uğurun bir addımlığında
[19.09.2014]
Bu gün "Avro-2020"-yə ev sahibliyi edəcək şəhərlərin adlarına aydınlıq gələcək. S-Sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında elan olunacaq.
Bakı vaxtı ilə saat 12:00-da başlayacaq səsvermənin nəticələri 4 saat sonra açıqlanacaq. Turniri qəbul etməyə 19 ölkə namizəddir ki, onların sırasında Bakı şəhəri ilə təmsil olunan Azərbaycan da var.
Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Danimarka (Kopenhagen), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Yerusalim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardif (Uels) şəhərləri də “Avro-2020”-yə ev sahibliyi etmək üçün yarışacaqlar.
Lakin çempionatın oyunları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə, qrup 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. “Avro-2016”-da olduğu kimi “Avro-2020”-nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.
Qeyd edək ki, yarımfinal və final görüşlərinin keçirilməsi uğrunda əsasən, London və Münhen şəhərləri mübarizə aparacaq. Almaniyanın bütün diqqətini "Avro-2024"-ün ev sahibliyinə yiyələnməsinə yönəltməsi "Avro-2020"-nin yarımfinal və final matçlarının Londonda keçirilmə şanslarını artırır.
Əlavə edək ki, Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, İsgəndər Cavadov, İqor Ponomaryov və digər şəxslər təmsil edəcəklər.

Xəbər 860 dəfə oxundu.