"Ötən mövsümkü uğuru təkrarlamaq çətin olacaq"
"Atletiko" (Madrid) klubunun futbolçusu Koke La Liqanın 3-cü turu çərçivəsində qarşılaşacaqları Madrid "Real"ı öncəsi maraqlı fikirlər səsləndirib.

"Goal.com"a danışan Koke komandasının ötən mövsümkü uğuru təkrarlamasının çətin olacağını bildirib:

"Ötən mövsümkü uğuru təkrarlamaq çətin olacaq. Ancaq yeni mövsümdə də yaxşı çıxış etməyimiz üçün gücümüz var. Komandada bəzi önəmli futbolçular qaldı ki, onlar da bizi daha güclü edir. Yeni gələn futbolçular isə titula acdırlar. Biz artıq ölkə superkubokunu qazandıq və eyni həvəslə mübarizəni davam etdirəcəyik. "Real"la keçirəcəyimiz Madrid derbisini səbirsizliklə gözləyirəm. "Atletiko"nun futbolçusu olduğum üçün fəxr edirəm".

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, ötən mövsüm La Liqanın qalibi olan "Atletiko" Çempionlar Liqasının finalında "Real"a uduzmaqla (1:4) titulu əldən vermişdi.

Xəbər 836 dəfə oxundu.