"U-21-də əsas komandaya layiq futbolçular yenə var” - Lippert
“Xüsusilə, ikinci hissədə nümayiş etdirdiyi futbola görə komandaya təşəkkür düşür. Çox güclü rəqibə qarşı 82-ci dəqiqəyə qədər bərabər səviyyədə oynaya bildik. Uşaqlar əllərindən gələni etdilər. Əlbəttə, əsas milliyə gedən beş futbolçunun olmaması özünü göstərdi. Son iki matçda futbolçuların oyunu, mübarizə əzmi, əzmkarlığı qarşısında deməyə söz tapmıram. Portuqaliyalı həmkarım da oyundan sonra mənə yaxınlaşıb burada ən güclü müqavimət göstərən komandanın Azərbaycan yığması olduğunu bildirdi".

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Bernhard Lippert Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə oyundan (1:3) sonra deyib.

Təcrübəli mütəxəssis görüşün hakiminin bəzi qərarlarından narazığını ifadə edib:

"Hakimlik barədə danışmağı xoşlamıram, lakin referi bizim buradan xalla qayıtmamağımız üçün əlindən gələni elədi. Çoxlu şübhəli qərarlar verdi. Nədənsə, şübhəli qərarlar ancaq bizim əleyhimizə olurdu. Onu da deyim ki, U-21-də əsas komandaya layiq futbolçular yenə var”.


Xəbər 801 dəfə oxundu.