"Bəzi futbolçular formada deyil" - Berti Foqts
“Rusiya ilə oyunda müdafiədə səhvlər buraxdıq. Xüsusən də standard vəziyyətlər zamanı. Cinahlarda istənilən kimi oynaya bilmədik. Bu oyun göstərdi ki, bəzi futbolçular formada deyil”.

Bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Bu gün AFFA-da brifinq keçirən yığmamızın baş məşqçisi millinin Rusiya ilə matçda ikinci 45 dəqiqədə yaxşı təsir bağışladığını qeyd edib: "Bolqarıstanla oyunda heyətdə bir neçə dəyişiklik olacaq. Rusiya ilə oyunun ikinci hisəsində yaxşı oynadıq. Bu, sadəcə yoxlama oyunu idi. Rasim Ramaldanov bəzi oyunlarda yaxşı təsir bağışlayıb. Amma görünür ki, bu gün o, formada deyil. Çünki oyun praktikasının yoxluğundan əziyyət çəkir. Rusiyadakı böyükhesablı məğlubiyyətin komandaya psixolji cəhətdən mənfi təsir edəcəyini düşünmürəm. Oyundan sonra bu barədə danışdıq. Həmin oyunu artıq unutmaq lazımdı”.

Foqts yoxlama oyunlarının azlığından gileylənib: “Klublarımız hazırlıq dönəmində 8-10 hazırlıq matçı keçirir. Biz isə seçmə mərhələyə kimi cəmi 2 yoxlama oyununda gücümüzü sınamışıq. Bizim “Neftçi” və “Qarabağ” kimi çox matç keçirmək imkanımız olmur. “Qarabağ”ın futbolçuları klubdan çox, millini düşünür. Belə də olmalıdı. İnanıram ki, Bolqarıstanla matçda İsrail, Şimali İrlandiyaya qarşı necə oynamışıqsa, elə də çıxış edəcəyik”.

Alman mütəxəssis, “Rusiya ilə oyundan öncə belə fikir səsləndirdiniz ki, Azərbaycanda hamı son seçmə mərhələdəki çıxışımızdan razıdır. Amma mən yox. Bu fikir sizdə hardandır?” sualını belə cavablandırıb: “Bunu siz jurnalistlər demisiniz. Sizin verdiyiniz suallara görə mən bu qənaətə gəlmişəm. Biz əvvəl Azərbaycan yığmasının nə yerdə, indi isə hansı vəziyyətdə olmasını nəzərə almalıyıq”.

Xəbər 899 dəfə oxundu.