Güləşçilər arasında Azərbaycan çempionatı başlayır

22-25 dekabrda “Sərhədçi” Olimpiya-İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunacaq yarışlarda 18 yaşı tamamlamış, 1993-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edə biləcəklər. Şəxsi xarakter daşıyan turnirdə idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar. İlk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Çempionatın rəsmi açılış mərasimi dekabrın 22-də saat 17.00-da baş tutacaq. Yarışlar hər gün saat 10.00-da başlayacaq. Azarkeşlərin arenaya girişi pulsuzdur.

Proqram:
22 dekabr 2011-ci il
55, 66 və 84 kq – yunan-Roma güləşi
23 dekabr 2011-ci il
60, 74, 96 və 120 kq – yunan-Roma güləşi
24 dekabr 2011-ci il
55, 66 və 84 kq – sərbəst güləş
25 dekabr 2011-ci il
60, 74, 96 və 120 kq – sərbəst güləş

Xəbər 1144 dəfə oxundu.