Futzal üzrə Azərbaycan milli komandası Xorvatiya yığması ilə qarşılaşıb
Dekabrın 15-də futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunları başlamışdır.
Bakı İdman Sarayında Azərbaycan milli komandası Xorvatiya yığması ilə qarşılaşmışdır. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 3:1 hesabı ilə Xorvatiya idmançılarının xeyrinə başa çatmışdır. Millimizin heyətində Vitali Barisov fərqlənmişdir.
Xatırladaq ki, bu oyun milli komandalar arasında 3-cü görüşdür. İlk oyun 1995-ci il oktyabrın 25-nə təsadüf etmişdir. Avro-1996-nın seçmə mərhələsinin A qrupunda keçirilən görüş Hollandiyanın Zeyst şəhərində təşkil olunmuşdu. Həmin vaxt Xorvatiya yığması komandamızı 6:3 hesabı ilə məğlub etmişdi.
Beş ildən sonra DÇ-2000-in seçmə mərhələsində yığmamız əvəz çıxmaq şansı qazanmışdı. 2000-ci il martın 3-də Xorvatiyada keçirilən oyunda da komandamız məğlubiyyətlə barışmışdı. Meydan sahibləri ilk oyunla müqayisədə daha asan qələbə qazanmışlar – 5:1.
Digər oyun Ukrayna və Makedoniya komandaları arasında keçirilmişdir. Ukrayna millisi rəqibini 2:1 hesabı ilə məğlub etmişdir.

AzərTAc

Xəbər 1364 dəfə oxundu.