Namiq Yusifov: “Rəvan”la görüş çətin olacaq

“Rəvan”la görüş çox çətin olacaq. Komandanın başına Vladislav Qədirov keçdikdən sonra, cəmi 1 dəfə uduzublar. Hər oyunda xoş təsir bağışlayırlar. Bizə qarşı da xüsusi hazırlaşacaqlar”. İdman.com.az-ın məlumatına görə, bu sözü “Qarabağ”ın futbolçusu Namiq Yusifov deyib. O, klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın XVII turunun “Rəvan”la sabahkı qarşılaşması haqda fikirlərini açıqlayıb: “Rəvan” çempionatın ən maraqlı komandalarından biridir. Amma buna baxmayaraq, biz də 3 xala köklənmişik. Son zamanlar “ev”də uğursuz oynayırıq. Düzdür, kubokda “Sumqayıt-Şəhər” üzərində böyük hesablı qələbə qazandıq. Amma çempionatda son 2 oyunda qələbə qazana bilməmişik. Ona görə də bu dəfə çiynimizə ağır yük düşür. İlk qarşılaşmada “Rəvan”a qarşı çox yaxşı oynamışdıq. Çoxsaylı qol imkanlarımız olmuşdu. Amma rəqib mini şansından istifadə etdi. Azarkeşlərimizi stadiona bizi dəstəkləməyə dəvət edirəm. “Rəvan”la oyun nə qədər çətin olsa da, ən yaxşısını etməliyik”.

Xəbər 1029 dəfə oxundu.