Azərbaycan alpinistləri Elbrusu fəth edə biliblər
Azərbaycan alpinistləri komandası Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 m) uğurla qalxa bilib.

Həmin komandanın tərkibinə Azərbaycan Alpinizm Federasiyasının idmançıları, Nikoil bankın alpinist qrupu və “Murov” ekstremal idman klubunun üzvləri daxil olmuşdur. Hər üç qrupun birgə layihəsi olan ekspedisiyanın rəhbərliyini təcrübəli alpinist, AAF-nın prezidenti İsrafil Aşurlı həyata keçirirdi. Qeyd edək ki, həmin ekspedisiya İ.Aşurlının Elbrus zirvəsinə qalxma sayısını 14-ə çatdırdı.
Alpinistlərin səfəri avqust ayının 9-da başlayıb və çox çətin hava şəraitində keçib.
İqlimə uyğunlaşmaq üçün ilk gündə alpinistlər 3800 m hündürlüyündə yerləşən ana düşərgəsinədək qalxıblar, ikinci gün 4200 m-dək, üçüncü gün isə 4800 m-dək qalxıblar. Bir günlük istirahətdən sonra – beşinci gündə, saat 02.00-da komanda zirvə istiqamətində yola çıxdı.
Güclü külək və şaxtaya baxmayaraq, avqustun 13-ü, saat 07.00-da alpinistlər Elbrus zirvəsində Azərbaycan bayrağını sancıblar. Bundan sonra idmançılar uğurla aşağı düşüb, Elbrus ətəyindəki Azau qəsəbəsində dincəlmək üçün dayanıblar.

Birgə işləməyi uğurla bacaran komandanın növbəti planlarında yeni zirvələrin fəthidir.

Xəbər 3261 dəfə oxundu.