Venger: "Remzinin qırmızı alması ədalətsiz qərar idi"
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə bərabərə qaldıqları "Beşiktaş"la oyun haqda fikirlərini bölüşüb.

Fransız mütəxəssis matçın onlar üçün çox çətin keçdiyini bildirib:

"Çətin bir oyun oldu. "Beşiktaş" yaxşı oynadı. Hücumda səviyyəli futbolçular var. Oyuna sürətli və yaxşı başladılar. Ancaq bizim də qol vurmaq üçün yaxşı şanslarımız oldu. Lakin imkanlardan yararlana bilmədik. Cavab matçında daha yaxşı oynayıb, istədiyimiz nəticəni qazanacağımıza inanıram. Remzinin qırmızı vərəqə almasına gəlincə bu ədalətsiz qərar idi. Remzi sarı vərəqəlik bir şey etməmişdi. Bunu hakimin qeyri-ciddi qərarı hesab edirəm".

Qeyd edək ki, "Beşiktaş" - "Arsenal" oyunu 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab matçı avqustun 27-də Londonda keçiriləcək.

Xəbər 1136 dəfə oxundu.