Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub

Artıq 2011-ci ili yola salırıq. Başa çatmaqda olan ildə həyatın bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də çoxlu uğurlar əldə edilib. Bunların əldə edilməsində paytaxt idmançılarının xüsusi payı vardır. 2011-ci ildə onların əldə etdikləri nəticələr, bu sahədə görülmüş işlər barədə məlumat almaq üçün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla görüşdük. Həmsöhbətimiz bu ilin paytaxt idmançıları üçün məhsuldar olduğunu bildirdi.


- Raqif müəllim, başa çatmaqda olan ili paytaxt idmanı üçün uğurlu hesab etmək olarmı?

- Ümumilikdə götürdükdə, bəli. Bildiyiniz kimi, 2011-ci il dünyanın bütün idman ictimaiyyəti üçün xüsusi önəm kəsb edir. Bu il London olimpiadasına lisenziya verən çoxlu yarışlar keçirildi. Dövlətin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə də idman sahəsində çoxlu tədbirlər həyata keçirildi və bunlar davam etməkdədir. Nəticədə, idmançılarımız bir çox uğurlara imza atıblar. Bu nailiyyətlərin qazanılmasında paytaxt idmançılarının rolu böyükdür.
Bu il 175-ə yaxın idman və kütləvi bədən tərbiyəsi sahəsi üzrə tədbir keçirilib. Müxtəlif idman növləri üzrə keçirilən paytaxt çempionatları, kuboklar, birinciliklər, beynəlxalq yarışlar və spartakiadalarda idmançılar böyük fəallıq nümayiş etdiriblər. Ümumilikdə, paytaxt çempionat və birinciliklərində 55 növ üzrə 30 mindən çox idmançı mübarizə aparıb.
Ötən aylar ərzində BŞGİBİ tərəfindən 16 idman növü üzrə 15 ölkəyə 31 ezamiyyə həyata keçirilib. Həm idmançıların sayı, həm də əldə edilmiş medalların sayına görə bu, əvvəlki illərə nisbətən xeyli çoxdur. Paytaxt idmançıları bütün növlər üzrə yığma komandalarda say çoxluğu təşkil edirlər. Yarışlarda yüksək nailiyyətlər əldə edən xanım idmançılarımızın sayı da getdikcə artır.
Bu il paytaxtda bir sıra mötəbər yarışlar yüksək səviyyədə keçirilib. Beynəlxalq turnirlərin təşkilində idarəmiz yaxından iştirak edib. Könüllülərin hazırlanması və digər təşkilati məsələlərdə üzərimizə düşən vəzifələrin öhdəsindən lazımınca gəlməyə çalışmışıq.

- Yarışların keyfiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülür?

- Paytaxtda idmanın maddi-texniki bazasının getdikcə yaxşılaşdırılması istiqamətində işlər davam edir. Yarışların hər bir şəraiti olan idman qurğularında keçirilməsi onların keyfiyyət baxımından daha yüksək olmasına şərait yaradır. Digər tərəfdən, turnirlərdə iştirakçıların sayı çoxalır, bu da rəqabətin artmasına səbəb olur. Paytaxt yarışları, əsasən, Hövsan, Maştağa olimpiya idman komplekslərində, Pirallahı, Balaxanı, Kürdəxanı idman zallarında təşkil olunur. Milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş ənənəvi turnirlər davam etməkdədir. Milli Qəhrəman Fəxrəddin Şahbazovun-ağır atletika, Çingiz Mustafayevin -mini-futbol, Cəmil Niftəliyevin-karate və mini-futbol, Ziya Bünyadovun-güllə atıcılığı üzrə xatirə turnirləri buna misal ola bilər. Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə bu il müxtəlif ölkələrdən daha çox iştirakçı vardı və yarışda rəqabət bir qədər də artmışdı.
Respublika çempionat və birinciliklərinə vəsiqə qazanmaq üçün xüsusi kvota ayrılıb. Bu da daha hazırlıqlı idmançıların respublika səviyyəli yarışlarda iştirakına imkan yaradır. Ölkə yarışlarında iştirak etmək üçün isə mütləq paytaxt yarışlarında iştirak etmək lazımdır. BŞGİBİ bir sıra idman qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyir. “Neftçi” İSM, “Təhsil” RİM, “Dinamo” İK, MOİK, “Atilla”, “Pəhləvan” İK, “AtaHoldinq”, “Qızıl əlcək” İK kimi idman klub, cəmiyyət və mərkəzləri ilə əsas işlər görülmüşdür və bu iş davam etməkdədir.
Paytaxt yarışlarında kütləviliyin təmin edilməsi istiqamətində də çox iş görülüb. Spartakiadalarda növlərin sayı artıb, yarışlarda daha çox iştirakçı qüvvəsini sınayıb. Rəqabət əvvəlki illərə nisbətən daha yüksək olub, spartakiadada komandaların bərabər səviyyəli mübarizəsi müşahidə olunub. Belə ki, I-V yerləri tutan komandalar arasında cüzi xal fərqi var. Bu da spartakiadaya yanaşmanı dəyişir. Digər kütləvi yarışlarda da paytaxt sakinlərinin fəal iştirakı təmin edilib. Bütün bunlar seleksiya işlərinin düzgün aparıldığını, kütləviliyin təmin edildiyini bir daha sübut edir.

- Paytaxt idmanının inkişafı sahəsində bu il hansı yeniliklərlə yadda qalacaq?

- Bu ildən etibarən Olimpiada-2016 və ondan sonra keçiriləcək olimpiya oyunlarının proqramına düşmə ehtimalı olan idman növlərinin təbliğinə başlamışıq. Kapoeyra, reqbi, sumo üzrə yarışların sayı artıb. Digər tərəfdən, əvvəlki illərdən fərqli olaraq, kompleks idman festivalları keçirilib. Kompleks idman yarışlarında bir neçə idman növü üzrə yarışlar eyni vaxtda keçirilib.
İdmançıların sağlamlığının möhkəmləndirilməsi və dopinqə qarşı mübarizə ilə bağlı da bir sıra məsələlər diqqət mərkəzində olub. Belə ki, paytaxt idmançılarının pasportlaşdırılması məsələsi və onların tibbi bərpa və fiziki hazırlığı ilə bağlı xüsusi arayışların paytaxt yarışlarında tətbiqi əməli olaraq bu il həyata keçirilir. Bildiyiniz kimi, paytaxt tibb dispanseri vasitəsilə xüsusi tibb müayinəsi həyata keçirilir və bu, zədələrin vaxtında aşkarlanması, müxtəlif tibbi preparatlardan düzgün istifadə məqsədi daşıyır.
Əvvəlki illərdən fərqli olaraq, BŞGİBİ tərəfindən idman sahəsi ilə bağlı - “Peşəkar idmanla məşğul olmaq üçün nələri bilməlisiniz?” kimi ədəbiyyat, stolüstü əyani vəsaitlər, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin ayrı-ayrı materialları, xüsusən də idman təsnifatı və s. broşüralar şəklində çap olunub paylanıb. Paytaxt yarışlarında iştirak edən idmançıların tam pasportlaşdırılması işi artıq bu il tamamlanıb. Bu ildən xarici pasportların alınması ilə bağlı, paytaxt çempionatı və birinciliyində iştirak etmiş idmançılara üstünlük verilir.

- Fikrinizcə, bu il hansı idman növlərində inkişaf tempi qənaətbəxşdir, hansılarda geriləmələr müşahidə olunur?

- Ölkəmizdə ənənəvi idman növlərindəki inkişaf tempi davam edir. Bədii gimnastika, güləş, boks, cüdo, sambo, avarçəkmə, futbol və s. növlərdə irəliləyiş var. Basketbol, əl topu növləri üzrə nailiyyətlər əldə etmişik, yarışlarda rəqabət artıb. Su idman növlərində geriləmələr var. Bu da bazaların zəif olmasından irəli gəlir. Velosiped idmanı və otüstü hokkeydə də geriləmələr müşahidə edilir. Əvvəlki illərdən fərqli olaraq, komandaların sayı azalıb. Otüstü hokkeyi paytaxtda inkişaf etdirmək üçün lazımi şərait yaradılıb. Su polosunda daha böyük inkişafa nail ola bilərik. Düzdür, bu sahədə işimizi qurmuşuq. Amma komandalarımızın sayı bizi qane etmir. Bəzi uşaq-gənclər idman məktəbləri nəzdindəki stolüstü idman növlərində geriləmə müşahidə olunur. Məsələn, badminton, stolüstü tennis və damanı misal çəkə bilərəm. Bunun müqabilində elə uşaq-gənclər idman məktəblərimiz də var ki, orada şahmat üzrə kəskin artım hiss olunur. Hazırda paytaxt yarışlarında qızlardan ibarət voleybol komandalarının çox olması, rəqabətin artması təqdirəlayiqdir. Məhəllələrarası futbol yarışları və ümumiyyətlə futboldakı artım tempi də sevindiricidir.

- London-2012 həyəcanı getdikcə yaxınlaşır. Paytaxt idmançılarının olimpiya oyunlarına əldə etdikləri lisenziyaların sayı qənatbəxşdirmi?

- Baş İdarə bir sıra təhlillər aparır. Bildiyiniz kimi, qazanılan lisenziyaların əksəriyyəti paytaxt idmançılarının payına düşür. Əldə edilmiş lisenziyalar proqnozlaşdırılan, gözlənilən idi. Elə növlər var ki, lisenziyalar əldə edilməsinə baxmayaraq, yarışlar davam edir və yeni lisenziyalar gözlənilir. Gələn ilin martına qədər lisenziya xarakterli yarışlar davam edəcək. Ümidvarıq ki, idmançılarımız onlara bəslənilən etimadı doğruldacaq və London olimpiadasına maksimum sayda vəsiqə əldə edəcəklər.

Söhbətləşdi: Leyla QURBANOVA

Xəbər 3502 dəfə oxundu.