"Bu mənim üçün böyük stimuldur"
Xızıda cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatına yekun vurulub. Velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparıb.

Qeyd edək ki, ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 4 üzvü – Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edib.

2-ci yarış günü velosipedçilər qrup ötüşməsində yarışıblar və əsas mübarizə məhz ən təcrübəlilərin yarışdığı U-23 və Elit yaş qrupunda gedib. 82 km-lik marşrutun təxminən 50 kilometrindən sonra liderlər qrupu əsas pelotondan ayrılıb, finişə 16 km qalmış isə Maksim Averin vahid liderlik əldə edib və üstünlüyünü sonadək qorumaqla Azərbaycan çempionu adına layiq görülüb - 2 saat, 47 dəqiqə, 52 saniyə.

Elit/U-23 (82 km)
1 AVERİN Maksim BCP 2:47:52
2 CƏBRAYILOV Samir BCP/NEFTÇİ 2:52:17
3 İSMAYILOV Aqşin BCP/OEQİUGVM BCP/OEQİUGVM


"Yarış kifayət qədər çətin alındı. Marşrutun əvvəlində mən və "Synergy Baku"dan olan digər komanda yoldaşlarım gənclərlə xeyli yanaşı getdik. Əsas məqsədimiz o idi ki, gənc velosipedçilər özlərinə inansınlar və bu çətin marşrut boyunca güclərini bərabər paylaşdırsınlar. Yarışın dağ mərhələsi olduqca maraqlı idi və sevinirəm ki, finişi birinci keçdim. Azərbaycan çempionu titulunun mənim karyeramda önəmli yeri var və bu mənim üçün böyük stumul olacaq".

Xatırladaq ki, Azərbaycan velosiped məktəbinin layiqli yetirməsi, 1978-ci il Dünya Veloyürüşünün qalibi, 6 qat SSRİ çempionu Aleksandr Averinin oğlu Maksim Averin bu ildən etibarən Azərbaycan yığma komandasının şərəfini qoruyur və o debüt etdiyi ölkə çempionatının ilk günü cüt ötüşmələr üzrə mübarizədə də birinci yeri tutmuşdu.

Digər yaş qruplarına gəlincə, gənclər arasında Elgün Əlizadə, U-17 yaş kateqoriyasında Mikayıl Səfərli, U-15 yaş qrupunda isə İvan Orlov bütün rəqiblərini qabaqlamaqla Azərbaycan çempionu tituluna layiq görülüb. Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Xəbər 1113 dəfə oxundu.