“Araz-Naxçıvan” üçün ilk
Azərbaycan Premyer Liqasının I turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, əyalət klubu Azərbaycan çempionatının yüksək liqasında ilk dəfə böyükhesablı qələbə qazanıb.

Öz meydanında “Neftçi”ni 3:0 hesabı ilə məğlub edən Naxçıvan klubu güclülər dəstəsində oynadığı 2000/2001 və 2001/2002 mövsümlərində belə zəfər əldə etməmişdi. Həmin vaxt 42 oyun keçirən “Araz” (Naxçıvan) 11 ağır məğlubiyyət alsa da, özü böyük hesabla qalib gəlməmişdi. 12 ildən sonra adını dəyişib Premyer Liqada çıxış edən “Araz-Naxçıvan” ilkə 43-cü matçında imza atıb.

“Neftçi” isə Premyer Liqa tarixində 7-ci dəfə 3 və ya daha çox top fərqi ilə uduzub. Bunadək ölkənin ən titullu klubu 6 dəfə böyük hesabla məğlub olub. 7-ci dəfə belə uduzan “ağ-qaralar” 1 dəfə öz meydanında, 6 dəfə səfərdə meydanı məğlub tərk edib.

Xəbər 1058 dəfə oxundu.