Gənc qızlarımız da Vətənə döndülər
Xorvatiya paytaxtı Zaqrebdə keçirilən dünya birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurmuş gənc qızlardan ibarət Azərbaycan milli komandası bu gün Vətənə qayıtdı. İdman.com.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda güləşçilərimizin təntənəli qarşılanması mərasimi oldu. AGF nümayəndələri, azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə salamladılar. Dünya birinciliyinin mükafatçıları KİV əməkdaşları ilə söhbətdə qələbə təəssüratlarını belə bölüşdülər. Öncə qalib güləşçi danışdı:

Səbirə Əliyeva (72 kq): «Yarış yaxşı keçdi. Gərginlik vardı. Ən çətin görüşüm yarımfinalda qazaxıstanlı həmkarıma qarşı oldu. Onu üstələyib həlləedici mərhələyə yüksədib. Finalda rəqibim Rusiya idmançısı idi. Fürsəti əldən qaçırmayıb, yekunda ona da qalib gəldim. Mənim üzərimdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm».

Raqnetta Qurbanzadə (67 kq): «Vətənə medalla döndüyümə görə çox sevincliyəm. Məşqçilərim sağ olsunlar, üzərimdə çox çalışdılar. İndi istyirəm ki, əsas milli komandaya daxil olum və gənclərdə qazandığım uğurların ardını orada gətirəm. Bizə hər cür şərait yaratdığına görə Güləş federasiyasına təşəkkür edirəm».

Solmaz Həşimzadə (55 kq): «Dünya çempionatına güclü hazırlaşmışdıq. Bu yarışda fərqlənəcəyimə inarırdım. Sonda belə də oldu: bürünc medal qazandım. Millimiz də komanda hesabında 3-cü yer tutdu. Yığma kollektivin məşqçilərinə təşəkkür edirəm. Əminəm ki, qələbələrimin davamı gələcək, inşallah».

Kamran HACI

Xəbər 874 dəfə oxundu.