Əjdər Cəfərov: Onların Rio olimpiadaslnda da uğur qazanacaqlarına inanıram
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov güləşçilərimizin gənclər arasında dünya çempionatındakı uğurlu çıxışından danışıb.

- 4 gün ərzində 6 medal – bunu heç kim gözləmirdi. Gəlin, söhbətimizə yunan-Roma güləşçilərinin çıxışından başlayaq. Onlar 5 qızıl medal qazandılar.
- Etiraf edim ki, belə nəticə gözləmirdik. Güləş tarixində hələ heç vaxt bir ölkənin 6 idmançısı finala çıxmayıb. Bu baş verəndə hamı təəccübləndi: həm komandaların nümayəndələri, həm də Beynəlxalq Güləş Federasiyasının rəhbərliyi.

- Bu cür uğurlu çıxışı nə ilə izah etmək olar?
- Səbəb çox sadədir. Federasiya rəhbərliyi hər cür şərait yaradıb, uşaqlar səylə hazırlaşırlar, məşqçilər də öz üzərinə düşən tapşırığı yerinə yetirir.
Zaqrebdəki dünya çempionatından əvvəl güləşçilərimiz Bakıda və Qusarda təlim-məşq toplanışı keçiriblər. Mən onların çıxışlarını izlədim və çox önəmli bir amili qeyd etmək istəyirəm: onlar rəqiblərindən bir baş üstün idilər. Əgər iki il əvvəl cəmi 3 qızıl medal qazanmışdıqsa, bu dəfə onların sayı 5-ə bərabər oldu. Eyni zamanda komanda hesabında birinci yeri tutduq. Çempionların adlarını bir daha səsləndirmək istəyirəm – Elman Muxtarov, Orxan Nuriyev, İbrahim Nurullayev, Murad Məmmədov və İslam Abbasov. Bu qələbələri son günlərdə cəbhə bölgəsində Vətən uğrunda canından keçən şəhidlərimizə həsr edirik.

- Güləşçilərimizdən bəziləri Vətənə qayıdandan sonra erməni rəqibləri üzərində qazandıqları qələbədən danışırdılar. Bu da çətin siyasi vəziyyətlə üst-üstə düşdü.
- 4 güləşçimiz püşkatmaya əsasən erməni idmançılarla üzləşdi. Və onların hər birində Azərbaycan pəhləvanları qalib gəldilər. Xüsusən də Ruhin Mikayılovu qeyd etmək istəyirəm. O, bir ay əvvəl Avropa çempionu olmuş Qrant Kalaçyanla qarşılaşdı. Çətin rəqib olsa da, Ruhin görüşün sonuna 10 saniyə qalmış yerinə yetirdiyi fəndlə onu məğlub etdi. Ermənilər şokda idilər. Onlar idmançılarının dünya çempionatında da qalib olacağını gözləyirdilər, amma Mikayılov ondan üstün oldu.

- Deyilənə görə, mübarizə başa çatandan sonra erməni məşqçi Kalaçyanı vurub...
- Bəli, hər şey tamaşaçıların və iştirakçıların gözləri qarşısında baş verdi. Məşqçi emosiyalarını cilovlaya bilmədi və yetirməsini söyə-söyə ona bir neçə zərbə endirdi. Təəssüf ki, Ruhin finalda uduzdu. Amma onun həlledici görüşə qədər irəliləməsi böyük uğurdur. Sadəcə, əvvəlki mübarizələr zamanı çox güc itirdi və sonuncu qarşılaşmada yorulmuşdu.

- Yəqin yaxın vaxtda bu qəhrəmanlardan biri əsas komandaya cəlb olunacaq?
- Gənclərin komandasında cəmi ikisi qalacaq. Qalanları birinci komandaya düşməyə çalışacaq. Evə qayıdandan sonra yunan-Roma güləşçilərinin məşqçisi Cəmşid Xeyrabadi ilə danışmaq niyyətindəyəm. İstəyirəm, dünya çempionatının qəhrəmanları bir nömrəli güləşçilərimizlə məşq etsinlər. Onların 2016-cı il Olimpiya Oyunlarında da uğur qazanacaqlarına inanıram. Amma bunun üçün, əlbəttə ki, daim üzərlərində çalışmalıdırlar.

- Keçək qızlara. Onlar da medallar qazandılar.
- Xüsusilə də Səbirə Əliyeva bizi sevindirdi. O, qızıl medal qazandı. Onun azərbaycanlı olması bizə ikiqat xoşdur. Artıq neçə ildir qadın güləşini yüksəltməyə çalışırıq və artıq dünya arenasında uğur qazanan idmançılarımız yetişməkdədir.

- İrəlidə bizi sərbəst güləşçilərin mübarizəsi gözləyir...
- Onlardan da medal gözləyirik. Gənclər Azərbaycan güləşi, ölkə idmanı üçün ən vacib məsələlərdəndir. Güləş Federasiyasının prezidenti Fazil Məmmədov dəfələrlə bildirib ki, yığma komandanın ehtiyat qüvvəsi daim hazır vəziyyətdə olsun, onlara xüsusi diqqət ayırlmalıdır. Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tez-tez təlim-məşq toplanışlarına gələrək gənc güləşçilərin vəziyyəti ilə maraqlanır. Zaqrebdə də bütün güləş dünyası Azərbaycan idmançılarının qələbələrinə heyran qalıb. Bu, düzgün yolda olduğumuzu göstərir. Hətta daim hakimləri tənqid edənlər, Azərbaycan güləşinə kölgə salmaq istəyənlər də sakit dayanıblar. Ümumiyyətlə, Azərbaycan güləşinin uğuru göz qabağındadır.

Xəbər 1142 dəfə oxundu.