Komanda hesabında dünya çempionatında 3-cü olduq - YENİ TARİX
Xorvatiya paytaxtı Zaqrebdə güləşçi qızların yarışları başa çatıb. İdman.com.az saytı xəbər verir ki, dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) ölkəmizi təmsil edib.

Gənc qızlarımız 1 qızıl və 2 bürünc medal qazanmaqla Azərbaycan güləşində yeni tarix yazıblar. Bu, son 5 ildə gənc qızların qazandığı ən yüksək nəticədir. Nəzərə alsaq ki, qadın güləşi ölkəmizdə yeni yaranmış bir idman sahəsidir. O zaman bu nailiyyətin əhəmiyyəti daha da böyükdür.

Xatırladaq ki, gənc qızlarımız indiyə qədər qatıldıqları dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıb. 2013-cü ildə isə, analoji yarışı qızlarımız 2 bürünc medalla tamamlayıb. Bu dəfəki Dünya çempionatında isə, son 4 ildə qazanılan qədər medal qazanılıb - 1 qızıl və 2 bürünc.

Bu nəticə ilə yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra 3-cü pillədə qərarlaşdırıb.

Xəbər 1062 dəfə oxundu.