Qızlarımız 1 qızıl və 1 bürünc medal qazandı
Xorvatiya paytaxtı Zaqrebdə güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

55 kq çəkidə təmsilçimiz Solmaz Həşimzadə Tunis, Polşa və Türkiyədən olan rəqiblərini üstələyib yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna güləşçisinə məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Son görüşdə Solmaz Kanada güləşçisi ilə görüşdə qalib gələrək Dünya çempionatının bürünc medalına sahib olub.

63 kq çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbərova ilk görüşdə Rusiya təmsilçisinə uduzsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı əldə edib. Almaniyalı rəqibini üstələyən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Monqolustan idmançısına uduzan Elmira Dünya çempionatını 5-ci sırada tamamlayıb.

72 kq çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Xorvatiya, Türkiyə və Qazaxstan təmsilçilərini məğlub edən güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya idmançısı olub. Rəqibinə böyük hesabla qalib gələn güləşçimiz Dünya çempionatının qızıl medalına sahib olub.

Xəbər 980 dəfə oxundu.