Bu dəfə "Qarabağ" və "Neftçi"
Azərbaycan ikinci dəfə Avropa Liqasının pley-off mərhələsində iki klubla təmsil olunacaq.

Səfərdə "Çixura"nı (Gürcüstan) 3:2 hesabıyla məğlub edən "Neftçi" "Qarabağ"ın ardından "pley-off"da oynamaq hüququ əldə edib.

İlk dəfə 2009/2010 mövsümündə ölkəmiz "pley-off"da iki komanda ilə təmsil olunmuşdu. Həmin vaxt "Bakı" və "Qarabağ" klubları "pley-off" mərhələsində ölkəmizi təmsil etmişdi.

Bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubuna məğlub olaraq turnirdə mübarizəni dayandıran "Qarabağ" tarixində 4-cü dəfə Avroliqanın "pley-off" mərhələsində oynayacaq. "Neftçi" isə ikinci dəfə qitənin ikinci dərəcəli turnirinin həlledici mərhələsində oynamaq hüququ qazanıb. Hər iki komandamızın pley-off mərhələsindəki rəqiblərinə bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq püşkatma mərasimi zamanı aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan bu günədək Avropa Liqasının "pley-off" mərhələsində 5 dəfə təmsil olunub. Bunlardan 3-ü "Qarabağ"ın, biri "Neftçi"nin, digəri isə "Bakı"nın payına düşür.

Xəbər 978 dəfə oxundu.