Gənc yunan-Roma güləşçiləri güləş tarixini yenilədi / TƏHLİL
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında yunan-Roma yarışları başa çatdı.

Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil etdi.

Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazdılar. 8 çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut etdilər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında da Dünya çempionatını ilk sırada tamamladı. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşdı.

Məlumat üçün bildirək ki, 2012-ci ildə Taylandda keçirilən Dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdu. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıtmışdılar.

Bu dünya çempionatı həm də güləşçilərimiz üçün ona görə yaddaqalan oldu ki, Dağlıq Qarabağda son günlərdə baş verən hadisələr fonunda güləşçilərimiz qarşılaşdıqları bütün erməni rəqibləri ilə görüşdən qalib ayrıldılar, həm də böyük üstünlüklə. Yunan-Roma güləşi yarışlarında güləşçilərimiz 4 dəfə erməni rəqibləri ilə qarşılaşdılar və bütün görüşlərdə üstün tərəf Azərbaycan oldu.

Yarışların ikinci günündə isə, bir ay bundan öncə Avropa çempionu olmuş erməni güləşçinin Ruhin Mikayılova məğlubiyyətdən boyun qaçıra bilməməsi və Azərbaycan güləşçiləri ilə görüşlərin hamısında qarşılaşdıqları acı nəticə Ermənistan yığmasının məşqçilər korpusunu əməlli-başlı hövsələdən çıxartdı. Azərbaycan güləşçilərinin qələbələrini həzm edə bilməyən erməni məşqçilər hisslərini cilovlaya bilməyərək bütün tamaşaçıların gözü önündə öz güləşçilərini təpikləməklə sakitləşməyə çalışdılar.

Əlbəttə, Azərbaycan güləşçilərinin bu uğuru təbiidir və Federasiya rəhbərliyinin, məşqçilər korpusunun məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev birbaşa diqqət və nəzarətində olan Azərbaycan idmanı gündən-günə inkişaf edir. Bu gün güləşçilərin hazırlığı üçün hər bir şərait yaradılıb, onların fiziki hazırlığı, vitaminlərlə təminatı daim Federasiya rəhbərliyinin diqqət mərkəzindədir, güləşçilərin sosial rifah halının yaxşılaşdırılması üçün dövlət qayğısı göstərilir. İnanırıq ki, məhz bu cür diqqət və qayğının müqabilində qazanılan uğurlar, əldə edilən nailiyyətlər də elə artan templə davam edəcək.

Xəbər 887 dəfə oxundu.