Bakıda “Fiziki tərbiyə və idmanın etik-mənəvi problemləri” mövzusunda seminar keçirilib
Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası tərəfindən “Fiziki tərbiyə və idmanın etik-mənəvi problemləri” mövzusunda seminar keçirilib. Toplantıda Bakı şəhəri rayonlarının gənclər və idman idarələrinin, idman federasiyaları və cəmiyyətlərinin nümayəndələri, ali məktəblərin idman kafedralarının müdirləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Ədalətli Oyunlar Hərəkatından (AƏOH) danışıb, onun müasir dövrdə idmanın inkişafında özünəməxsus rolunu qeyd edib. Yığıncaqda AMİ-nin mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri, professor Hənifə Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, MOK-un vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və bu qurumun məsul katibi Səlhət Abbasova çıxış edərək, idman oyunlarında etik problemlərdən söhbət açıblar.
Seminarda “İdman azarkeşliyi və ədalətli oyun prinsipləri”, “İdman mətbuatında ədalətli oyun prinsipləri”, ”Fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin tədrisində ədalətli oyun prinsiplərinin təbliği və ona riayət edilməsi”, “Məşqçilərin, hakimlərin və güləşçilərin etik və estetik qaydalara riayət etmələrində ədalətin rolu” və s. mövzularda məruzələr də dinlənilb.

Xəbər 1749 dəfə oxundu.