11 boksçumuz yarımfinalda mübarizə aparacaq
Şağan Olimpiya İdman Kompleksində Abbas Ağalarovun xatirəsinə həsr olunmuş ənənəvi boks turniri sona yaxınlaşmaq üzrədir. Gənclər arasında keçirilən yarışda artıq yarımfinalçıların adları məlum olub. Yarımfinala vəsiqə qazananlar arasında milli komandamızın 11 üzvü də var. Boksçularımız yalnız 2 çəki dərəcəsində - 49və 60 kq-da təmsil olunmurlar. 52 kq çəki dərəcəsində iki həmyerlimiz – Qoşqar Səfərli ilə Tural Əhmədov arasında döyüş böyük maraqla gözlənilir. Əhmədov bu il “Böyük İpək Yolu” yarışında qalib gəlməklə diqqəti öz üzərinə cəmləmişdi. O, gənclər arasında Avropa birinciliyində 2 görüşdə qalib gəlsə də, sonradan yerli idmançıya məğlub olmuşdu. Gənclər arasında Avropa birinciliyinin qalibi Pərviz Bağırov da (64 kq) yarımfinaıla vəsiqə qazanıb. Millimizin üzvü finala vəsiqə uğrunda özbəkistanlı Ənvər Turapovla döyüşəcək. Yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı (75 kq) yarımfinalda qazaxıstanlı Tursinbay Kulaxmedovla üz-üzə gələcək. Azərbaycandan başqa, yarımfinalda ən çox nümayəndəsi olan ölkələr Rusiya və Ukraynadır. Bu komandalar yarımfinalda 6 boksçu ilə təmsil olunurlar. Xatirə turnirinə dekabrın 11-də yekun vurulacaq.

Xəbər 1083 dəfə oxundu.