Fransanın internet resursu Azərbaycanda velosiped idmanının inkişafından yazıb
Fransanın www.slate.fr internet resursunda Azərbaycanda velosiped idmanının inkişafına dair məqalə yerləşdirilib.

Məqalənin müəllifi Benoit Vittek Fransada hər il keçirilən “Tur de Frans“ velosiped yarışlarının tanınmış məşqçiləri Karlos Sestre və Camolidin Abducabarovun bu il mayın əvvəlində velosiped yarışlarına hazırlıqla əlaqədar ölkəmizə səfər etmələrini və Karlos Sestrenin öz komandası ilə hələ iki il əvvəl Azərbaycana gəlişini xatırladır.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi və beynəlxalq diplomatiya aləmində böyük nüfuz qazandığı diqqətə çatdırılan məqalədə bildirilir ki, Fransa Prezidenti Fransua Ollandın mayın əvvəllərində ölkəmizə səfəri yarışların sonuncu gününə təsadüf etmişdi.
Məqalədə Azərbaycanda 2015-ci ilin yayında keçiriləcək birinci Avropaya Oyunları ilə əlaqədar mühüm və diqqətəlayiq hazırlıq işlərinin getdiyi vurğulanır. Müəllif qeyd edir ki, “Tur de Azerbaijan” velosiped yarışının təşkili ölkəmizdə idmanın bu növünün inkişafı ilə bağlıdır və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanda velosiped yarışları sahəsində mühüm ənənələrin mövcud olduğunu bildirir.

Azərbaycan komandasının üzvü 19 yaşlı Samir Cəbrayılovun velosiped yarışlarında perspektivli idmançı kimi qeyd olunduğu məqalədə gənclər arasında idmanın bu növünə marağın artması üçün mühüm layihələrin həyata keçirildiyi diqqətə çatdırılır. Yazıda 2006-cı ildə keçirilmiş “Tur de Frans” yarışlarının qalibi Linus Gerdemmannin, fransalı Remi Di Qreqorionun, habelə “Tur de Spain”ın qalibi Xuan Xose Kabonun Azərbaycana səfər etdikləri və velosiperd yarışlarına hazırlıqla yaxından tanış olduqları, tarixi abidələrlə zəngin ölkəmizin əsrarəngiz təbiətinə heyran olduqları bildirilir.

Məqalədə Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıqla bağlı bir çox infrastrukturun yenidən qurulduğu, bir qədər əvvəl Bakıda yeni Veloparkın istifadəyə verildiyi, hazırda isə dağ velosiped yürüşləri üçün yolların hazırlandığı, hökumətin velosipedlərin hərəkəti üçün ilk yolların təşkilinə başladığı və bu məsələyə xüsusi diqqət göstərdiyi qeyd olunur.
Sonda müəllif velosiped yarışları ilə bağlı görülən işlərin yaxın vaxtlarda öz nəticəsini verəcəyini, bu sahədə Azərbaycanda sanballı idmançıların yetişəcəyini və beynəlxalq turnirlərdə onların inamlı qələbə qazanacağına əminliyini diqqətə çatdırır.

Xəbər 951 dəfə oxundu.