Rodriqinyu tezliklə yaşıl meydana dönmək istəyir

“Neftçi” klubunun yarımmüdafiəçisi Rodriqinyu Azərbaycana qayıdıb. İdman.com.az saytının məlumatına görə, braziliyalı futbolçu sol dizinin ön çarpaz bağının tam qopması, xarici yan bağın tam qırılması və arxa çarpaz bağın qismən qırılması diaqnozu ilə əməliyyat olunub. Rodriqinyu bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Vətənim Braziliyada iki dəfə əməliyyat olundum. Həkimlər növbəti dəfə əməliyyat olunmağın vacibliyini və bunun yanvarın sonlarında baş tutacağını bildiriblər. Uzun müddətdir komanda yoldaşlarıma kömək edə bilmədiyim üçün məyusam. Lakin sabaha ümidlə baxıram. İnşallah, mümkün qədər tez bir zamanda yaşıl meydanlara dönəcəyəm".
Xatırladaq ki, Rodriqinyu iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab görüşünün artıq 6-cı dəqiqəsində rəqib futbolçunun bilərəkdən kobud oyunu nəticəsində zədələnərək, meydançanı tərk etmək məcburiyyətində qalmışdı.

Xəbər 980 dəfə oxundu.