Şenol Günəş transfer üçün Bakıya gəldi
Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Şenol Günəş Bakıya gəlib.

Təcrübəli mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Çixura" matçını stadiondan canlı izləyəcək.

Türkiyəli mütəxəssisin Bakıya gəlişi səbəbsiz deyil. Yeni mövsüm üçün komandasının heyətini gücləndirməyi planlaşdıran Ş.Günəşin həm "Çixura", həm də "Neftçi"də transfer etmək istədiyi futbolçuların olduğu iddia edilir. Türkiyə millisinin sabiq baş məşqçisinin "Neftçi"dən Karlos Kardoso, Bruno Bertuççi və Kaue Sesilio da Silvanı bəyəndiyi bildirilir.

Qeyd edək ki, bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Çixura" oyunu saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Çixura" klubu Avroliqanın II təsnifat mərhələsində məhz "Bursaspor" klubuna penaltilərdə qalib gələrək (4:1) mərhələ adlamışdı.

Xəbər 881 dəfə oxundu.