"Qarabağ" Çempionlar Liqasında ilkə imza atdı
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zalsburq"u 2:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu tarixə düşüb.

Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası olub.

Buna qədər klublarımızdan yalnız "Bakı" və "Neftçi" ÇL-in III təsnifat mərhələsində iştirak etsələr də, qələbəyə həsrət qalmışdılar. 2009/2010 mövsümündə "Ekranas" (Litva) səddini uğurla keçən "Bakı" III mərhələdə "Levski" (Bolqarıstan) klubunu üstələyə bilməmişdi (0:0, 0:2).

2012/2013 mövsümündə isə səfərdə İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" cavab matçında son dəqiqələrdə qələbəni əldən vermişdi - 2:2. "Qarabağ" klubu isə Bakıda Avstriya çempionunu 2:1 hesabı ilə məğlub etməklə bu uğursuz seriyaya son qoyub.

Xəbər 1179 dəfə oxundu.