Kriterium yarışları başa çatdı
Bu gün Veloparkda velosiped idmanının şose növü üzrə Açıq Bakı Kriterium yarışının 2-ci mərhələsinə yekun vurulub. Yarışın 2-ci günündə 15 və 17 yaşadək velosipedçilər mübarizə aparıb.

Reqlamentə əsasən, U-15 yaş kateqoriyasındakı idmançılar Velopark ərazisində hər biri 900 metrdən ibarət 6 dövrə vurublar. 5.4 km məsafəni hamıdan tez 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndəsi Xankişi İsgəndərov qət edib. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirmələri Qadir Mustafayev və İvan Orlov isə ilk üçlüyü tamamlayıb.

17 yaşadək velosipedçilər isə 20 km (20x1000) məsafə qət ediblər və burada fəxri kürsüyə ancaq 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin idmançıları qalxıblar. Mikayıl Səfərli, Maksim Naperstkov və Nicat Oruczadə digər rəqiblərindən daha yaxşı çıxış edərək ilk üçlükdə qərarlaşıblar.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Kriterium yarışlarının 3-cü mərhələsi sentyabrda olacaq.

Xəbər 822 dəfə oxundu.