Kaxaber Sxadadze: "Hələ heç nə bitməyib"
Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində İsveçdə "Elfsborq"a 1:0 hesabı ilə qalib gələn "İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı fikirlərini bölüşüb.

Gürcüstanlı mütəxəssis hələ heç nəyin bitmədiyini deyib:

"Güclü və təcrübəli komanda ilə oynadıq. Bu oyuna ciddi hazırlaşmışdıq. Rəqibin oyununu müəyyən etdik. Əgər yaradılan imkanlardan maksimum istifadə etsəydik, daha çox qol vura bilərdik. Ancaq unutmayaq ki, "Elfsborq" yaxşı hücumlar təşkil edir, ona görə hələ heç nə bitməyib. Bakıdakı cavab matçına yaxşı hazırlaşmalıyıq. Daha çox qol vurmağımıza emosiyalar mane oldu. Futbolçular bu oyuna yaxşı köklənmişdilər. Lakin soyuqqanlılıq çatışmadı. Bu, çox vacib amildir".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 24-də Bakıda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər 861 dəfə oxundu.