Yunan-Roma güləşçilərimizin açıq məşqi olub
25-27 iyulda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə "Qızıl qran-pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Yunan-Roma güləşi üzrə ölkə yığma komandası Olimpiya Güləş Mərkəzində hazırlıq keçir. Təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edir. Bu gün turnirə hazırlaşan komandamızın mətbuat üçün açıq məşqi keçirilib.

Bu məşqlər, eyni zamanda, sentyabr ayında Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Milli komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin qarşıdakı turnirə ciddi hazırlaşdıqlarını bildirib:

“Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirində uğurlu çıxış etmək tapşırığı durur. Ən azından ötən dəfəki nəticəni təkrarlamağa çalışacağıq”.

Milli komandamızın üzvü Rəsul Çunayev də turnir öncəsi fikirlərini səsləndirib:

“Hazırlıqlarımız yaxşı keçir. Məqsədimiz bacardıqca çox medal qazanmaqdır. Bu tapşırığın öhdəsindən gələcək gücdəyik. Şəxsən mənim üçün rəqibin fərqi yoxdur. Onun titullu və ya təcrübəsiz olması böyük önəm kəsb etmir. Hər bir görüşə xüsusi motivasiya ilə çıxıram. Həm qarşıdakı turnirdə, həm də dünya çempionatında bayrağımızı yüksəltməyə çalışacam”.

Xəbər 956 dəfə oxundu.