Trek velosipedçilərimiz daha iki dəfə fəxri kürsüdə
Avropada çıxışlarını davam etdirən velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası iyulun 12-də Fransada növbəti yarışda - “Fenioux Trophy Piste” kubokunda iştirak edib. Velosipedçilərimizin çıxışı bu dəfə daha uğurlu olub.

Yığma komandamızın üzvü Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışlarında turniri 2-ci, 200 metr məsafəyə sprint yarışlarında isə 4-cü pillədə başa vurub. Qeyd edək ki, xanım idmançımız 1 gün öncə daha 1 gümüş medal qazanmış və və bununla da reytinqinə 72 xal əlavə etmişdi.

Bu dəfə digər velosipedçimiz Yelena Pavluxina da fəxri kürsüyə qalxmağı bacarıb. O 10.000 metr məsafəyə skretçdə mübarizə aparıb və yekunda 3-cü nəticə göstərib.

Kişilər arasında sprint yarışlarında yığma komandamızın üzvü Sergey Omelçenko 19 nəfər arasında 8-ci, Maksim Buşmin isə 14-cü yer tutub.

Xəbər 814 dəfə oxundu.